27 iyul ∙ 2026
Sea Breeze-də DREAM FEST 2026: Beynəlxalq musiqinin dörd günü
27 iyul ∙ 2026
23–26 iyul tarixlərində Xəzər dənizinin sahilində keçirilən Dream Fest 2026 tamaşaçılara dörd gün ərzində canlı musiqi, möhtəşəm şoular və dünya ulduzlarının çıxışlarını təqdim etdi. Festival səhnəsində Azərbaycan, Rusiya, Türkiyə, MDB ölkələri, Avropa, Böyük Britaniya və Kanadadan 50-dən çox ifaçı çıxış etdi. Onların sırasında Busta Rhymes, Ty Dolla $ign, John Newman, Cheb Khaled, EDIS, JONY, Egor Krid, Alessandro Safina, EMIN, Zeynep Bastık, Emre Altuğ, Jah Khalib və digər məşhur sənətçilər yer aldı. Dream Fest 2026 regionun ən böyük musiqi hadisələrindən birinə çevrildi. Festivalın təşkilində 5 547 mütəxəssis iştirak edib. Səhnənin və infrastrukturun qurulması üçün 200 tondan artıq metal konstruksiya istifadə olunub, 1 200 işıq avadanlığı və 470 kvadratmetr ekran quraşdırılıb. Hər axşamın unudulmaz atmosferini isə 400 pirotexniki effekt, ümumilikdə 36 dəqiqəlik atəşfəşanlıq, alov şouları, tüstü, serpantin və konfetti tamamlayıb. Festivalın əsas rəmzlərindən biri Xəzər dənizinin təbiətindən ilhamlanan, 500 kvadratmetr sahəni əhatə edən qırmızı xalça oldu. Onun dalğavari memarlıq həlli və dəniz çalarlarından ibarət rəng palitrası Dream Fest-in ən yaddaqalan vizual elementlərindən birinə çevrildi. Festivalı 100-dən çox yerli və beynəlxalq media orqanı işıqlandırdı. “Hər il Dream Fest öz tarixində yeni bir səhifə açır. Biz istəyirik ki, bu festival müxtəlif mədəniyyətləri, nəsilləri və musiqi ənənələrini bir araya gətirən görüş məkanına çevrilsin. Sea Breeze bizə Xəzər sahilində dünya səviyyəli tədbir yaratmaq üçün unikal imkan verir — musiqinin enerjisinin dənizin gözəlliyi və əsl yay bayramının ab-havası ilə qovuşduğu bir məkanda”, — deyə Emin Ağalarov bildirib. Ənənəvi olaraq festival çərçivəsində Sea Breeze Walk of Fame-də yeni ulduzların açılış mərasimi keçirildi. Bu il Busta Rhymes, Cheb Khaled, EDIS, Emre Altuğ, Zeynep Bastık, Ty Dolla $ign və John Newman öz adlarını Sea Breeze-in musiqi tarixinə yazdıraraq fərdi ulduzlarına qovuşdular. Dörd gün ərzində Dream Fest dünya pop, rok, hip-hop və şərq musiqisini bir səhnədə birləşdirdi. Festivalın möhtəşəm bağlanış gecəsində EMIN, JONY, Lyüsya Çebotina, Artik & Asti və John Newman çıxış etdilər. Axşamın ən yaddaqalan məqamlarından biri isə EMIN və Stas Mixaylovun ifasında “Вокзалы одиноких душ” mahnısının premyerası, eləcə də EMIN və JONY-nin birlikdə «Kamin» hitini səsləndirməsi oldu.