30 oktyabr ∙ 2026
OCEANMAN AZERBAIJAN - SEA BREEZE 2027
30 oktyabr ∙ 2026
2027-ci ilin sentyabr ayında Sea Breeze ölkədə ilk dəfə açıq suda üzgüçülük üzrə beynəlxalq OCEANMAN yarışlar seriyasının Azərbaycan mərhələsinə ev sahibliyi edəcək. Layihə Caspian Aqua Challenge şirkətinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Dream Group International şirkətinin dəstəyi ilə həyata keçirilir. Yarışlar peşəkar idmançıları, həvəskar üzgüçüləri və müxtəlif ölkələrdən olan qonaqları bir araya gətirərək açıq suda üzgüçülüyün inkişafı və Azərbaycanın idman turizmi istiqaməti kimi tanıdılması üçün yeni imkanlar yaradacaq.
27 oktyabr tarixində OCEANMAN Azerbaijan – Sea Breeze 2027 yarışlarına hazırlıq çərçivəsində polşalı ultramarafon üzgüçüsü Bartłomiej Kubkowski və Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov Sea Breeze-də, The Grand apart-otelinin qarşısındakı akvatoriyada 10 kilometrlik sınaq üzüşü həyata keçirərək yarışın nəzərdə tutulan marşrutunu qiymətləndiriblər.
29 oktyabr tarixində Sea Breeze Grand Hall-da layihənin təqdimatı və idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
OCEANMAN açıq suda üzgüçülük üzrə dünyanın ən böyük və ən nüfuzlu beynəlxalq yarış seriyalarından biridir. Seriyanın mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir və peşəkar idmançıları, təcrübəli və həvəskar üzgüçüləri, 7–75 yaş aralığında olan iştirakçıları, ailələri və korporativ komandaları bir araya gətirir. OCEANMAN Azerbaijan – Sea Breeze 2027 proqramında bir neçə məsafə üzrə yarışlar nəzərdə tutulur: 10 kilometrlik OCEANMAN, 5 kilometrlik HALF OCEANMAN, 2 kilometrlik SPRINT, uşaqlar üçün OCEANKIDS, komanda estafeti OCEANTEAMS, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün OCEANMAN INSPIRATION xeyriyyə üzüşü. İdman proqramı ilə yanaşı, iştirakçılar və qonaqlar üçün festival formatında müxtəlif tədbirlərin təşkili də planlaşdırılır. OCEANMAN Azerbaijan – Sea Breeze 2027 yarışlarının keçirilməsi Xəzər dənizini beynəlxalq üzgüçülük ictimaiyyətinə təqdim etməyə, regionun turizm potensialına diqqət cəlb etməyə və Azərbaycanın dünya idman xəritəsində mövqeyini daha da gücləndirməyə imkan verəcək.
29 oktyabr tarixində OCEANMAN Azerbaijan 2027 yarışlarında iştirak üçün qeydiyyat da açılıb. Yarışlar 3–5 sentyabr 2027-ci il tarixlərində Sea Breeze-də keçiriləcək.