10 noyabr ∙ 2026
Sea Breeze Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi AIREX 2026-da iştirak edib
10 noyabr ∙ 2026
Noyabrın 4-dən 6-dək Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 keçirilib. Sərgi sektorun aparıcı nümayəndələrini, tikinti şirkətlərini və investorları bir araya gətirib. Tədbirin tərəfdaşı qismində çıxış edən Sea Breeze özünün əsas layihələrini və şəhər-kurortun gələcək inkişaf planlarını təqdim edib.
Noyabrın 4-də sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ziyarət ediblər.
Səfər çərçivəsində onlar Sea Breeze-in stendi ilə tanış olublar. Burada şirkətin kommersiya direktoru Ayaz Tağıyev həyata keçirilən və yeni layihələr, onların inkişaf mərhələləri və tamamlanma müddətləri haqqında məlumat verib.
Ekspozisiyanın mərkəzi elementini şəhər-kurortun 23 kilometrlik sahil xəttini və süni torpaq sahələrini əks etdirən baş plan maketi təşkil edib. Bu ərazilər arasında gələcəkdə Formula 1 yarış trasının Bakıdan köçürülməsi planlaşdırılan Fire Island da yer alıb. Stenddə, həmçinin Caspian Dream Liner, Halfmoon yarımadası, Sky Park və Digital Residence kimi əsas layihələrin maketləri təqdim olunub. Ziyarətçilər layihələrin icra vəziyyəti və Sea Breeze-in gələcək inkişaf planları ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Həmin gün Sea Breeze-in satış direktoru Ena-Kameliya Melikova şəhər-kurortun investisiya imkanlarına həsr olunmuş təqdimatla çıxış edib. Noyabrın 5-də isə panel müzakirəsində iştirak edərək brendli rezidensiyaların inkişafı, lüks daşınmaz əmlak bazarının aktual tendensiyaları və premium həyat tərzinin yeni standartları haqqında danışıb.
Sea Breeze üçün sərginin əsas hadisələrindən biri də noyabrın 5-də keçirilən mükafatlandırma mərasimində AIREX Most Ambitious Development Award (“Ən iddialı tikinti layihəsi”) mükafatına layiq görülməsi olub. Mükafat layihənin genişmiqyaslı inkişaf strategiyasını və gələcəyin şəhər-kurort konsepsiyasını əks etdirən baxışını yüksək qiymətləndirib.
Hazırda Sea Breeze-in ərazisi 1 000 hektardan çoxdur, yaşayış və kommersiya daşınmaz əmlakının ümumi sahəsi 3,5 milyon kvadratmetri ötür və burada artıq 60 000-dən çox sakin yaşayır. Baş plana əsasən, şəhər-kurortun ərazisi 1 850 hektara qədər genişləndiriləcək və bütün inkişaf mərhələləri tamamlandıqdan sonra 500 000 nəfərin yaşayışı üçün nəzərdə tutulacaq.
Sea Breeze konsepsiyası yaşayış məhəllələri, dünya şöhrətli hotel brendləri, təhsil və tibb müəssisələri, ictimai məkanlar, eləcə də idman və istirahət infrastrukturu ilə tamhüquqlu şəhər mühitinin yaradılmasını nəzərdə tutur. Layihənin inkişafında süni adalar xüsusi yer tutur. Bu ərazilərdə yeni yaşayış və hotel komplekslərinin, o cümlədən Halfmoon yarımadasında yerləşəcək 323 metr hündürlüyündə Cipriani Tower layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bu mükafat Sea Breeze-in ən iddialı inkişaf layihələrindən biri kimi mövqeyini bir daha təsdiqləyir, şəhər mühitində yeni standartların formalaşdırılmasına və Azərbaycanın turizm və investisiya potensialının inkişafına töhfə vermək istiqamətində fəaliyyətini əks etdirir.
AIREX 2026 (Azerbaijan International Real Estate Exhibition) Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və xarici şirkəti bir araya gətirib. Sərgi təcrübə mübadiləsi, tikinti layihələrinin təqdimatı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün platforma rolunu oynayıb.