22 iyul ∙ 2026
Dream Fest 2026 ərəfəsində Sea Breeze-də ulduzların iştirakı ilə Crocus Fitness Padel Cup turniri keçirilib
22 iyul ∙ 2026
Dream Fest 2026 ərəfəsində Sea Breeze-in Sport Beach Club ərazisində tanınmış incəsənət nümayəndələrini, peşəkar idmançıları və aparıcı padel oyunçularını bir araya gətirən Crocus Fitness Padel Cup turniri keçirilib. Tədbir festival həftəsinin ilk tədbirlərindən biri olaraq Drean Fest-in yalnız musiqi deyil, həm də genişmiqyaslı idman proqramını əhatə etdiyini nümayiş etdirib. Turnirdə Sea Breeze-in təsisçisi və müğənni Emin Ağalarov (EMIN), ikiqat Olimpiya çempionu Yevgeni Pluşenko, Bahh Tee, Ellai, Brandon Stone, futbolçu Ramil Şeydayev, sahibkar Rustam Tariko və peşəkar padel oyunçuları iştirak ediblər. Yarışlar peşəkar və həvəskar oyunçulardan ibarət cütlüklər arasında keçirilib. Turnirin qalibləri Yevgeni Plyuşenko və Talat Rəhimov olublar. İkinci yeri Rustam Tariko və Arif Quliyev, üçüncü yeri isə Emin Ağalarov və Kamil İsmayılov tutublar. Turnir Sea Breeze, Crocus Fitness, Dream Fest və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Yarışın beynəlxalq hakimi 20 ildən artıq təcrübəyə malik sertifikatlı hakim Qleb Pivovarov olub. Emin Ağalarovun sözlərinə görə, turnirin Dream Fest öncəsi keçirilməsi festivalın musiqi və idmanı bir araya gətirən konsepsiyasının təbii davamıdır. O, həmçinin bildirib ki, idmanın inkişafı Sea Breeze-in strateji istiqamətlərindən biridir. Yaxın zamanda burada səkkiz kortdan ibarət qapalı padel mərkəzi və yeni açıq kort istifadəyə veriləcək, gələcəkdə isə müxtəlif idman növləri üzrə turnirlərin, o cümlədən Xəzər sahilində ilk beynəlxalq polo turnirinin keçirilməsi planlaşdırılır. Turnir iştirakçıları da musiqi və idmanın birləşdirilməsi ideyasını dəstəkləyiblər. Brandon Stone bu formatın sənətçilərə idman formasını qorumağa kömək etdiyini, Bahh Tee isə festival öncəsi enerji toplamaq üçün əla fürsət olduğunu qeyd edib. Yevgeni Plyuşenko yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və Sea Breeze ilə gələcək idman layihələri üzrə əməkdaşlıq etdiyini bildirib. Crocus Fitness Padel Cup festival həftəsinin parlaq başlanğıcı olmaqla yanaşı, Sea Breeze-in beynəlxalq mədəni və idman tədbirlərinin ilboyu keçirildiyi məkana çevrilməsi istiqamətindəki məqsədini bir daha nümayiş etdirib.