13 iyul ∙ 2026
IBA Champions’ Night beynəlxalq turniri ilk dəfə Sea Breeze-də keçirildi
13 iyul ∙ 2026
İyulun 10-da Sea Breeze ilk dəfə IBA Champions’ Night beynəlxalq boks turnirinə ev sahibliyi etdi. Turnir Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən Azərbaycan Boks Federasiyasının dəstəyi ilə təşkil olunub.
Gecənin fəxri qonaqları Türkiyənin ən məşhur müasir aktyorlarından biri Kerem Bürsin və dünya boksunun əfsanəsi, dəfələrlə dünya çempionu Roy Cons Jr. olub.
Açıq səma altında keçirilən turnir çoxsaylı boks həvəskarlarının böyük marağına səbəb olub, idman ictimaiyyətinin nümayəndələrini, xarici qonaqları və azarkeşləri bir araya gətirib.
Açılış mərasimi məşhur "Natiq" ritm qrupunun və Azərbaycanın Əməkdar artisti, "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil etmiş Elnur Hüseynovun çıxışları ilə yadda qalıb.
Gecə ərzində altı maraqlı döyüş baş tutub. Azərbaycan yığmasının heyətində Sərxan Əliyev, Səidcamşid Cəfərov və Sübhan Məmmədov qələbə qazanıblar. Axşamın əsas qarşılaşmasında dünya çempionu Sübhan Məmmədov dünya boksunun əfsanəsi Roy Cons Jr.-ın canlı ifasında səslənən əfsanəvi Can’t Be Touched musiqisinin sədaları altında rinqə çıxaraq rəqibini dördüncü raundda texniki nokautla məğlub edib. Tayfur Əliyev və Nəbi İsgəndərovun iştirakı ilə keçirilən daha iki qarşılaşma heç-heçə ilə başa çatıb.