15 noyabr ∙ 2026
Sea Breeze-də ənənəvi nar ağaclarının əkilməsi mərasimi keçirilib
15 noyabr ∙ 2026
Noyabrın 14-də Sea Breeze-də kurort şəhərinin sakinləri və qonaqlarının iştirakı ilə ənənəvi nar ağaclarının əkilməsi mərasimi keçirilib. Tədbir çərçivəsində Azərbaycanın nar paytaxtı hesab olunan Göyçaydan gətirilmiş 200 gənc nar ağacı əkilib. Bu ənənənin əsası 2024-cü ildə COP29 konfransı çərçivəsində qoyulub.
Ekoloji təşəbbüsə Sea Breeze-in təsisçisi Emin Ağalarov, kurort şəhərinin direktor müavini Qəmbər Bеnеnyarlı, Sea Breeze Landscape Group-un icraçı direktoru Vüsal Gözəlov, eləcə də azərbaycanlı müğənni Aysel Teymurzadə də qoşulublar.
Tədbir xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar Yurdu” Azərbaycan Xalq Ansamblının rəqs nömrələri ilə başlayıb. Daha sonra qonaqlar ağac tinglərini əkərək üzərində GPS kodları olan breloklar əldə ediblər. Bu kodlar vasitəsilə əkilən ağacların yerini müəyyən etmək və onların inkişafını izləmək mümkün olacaq. Musiqi proqramı Azərbaycanın əməkdar artisti Fəzilə Rəhimovanın rəhbərlik etdiyi xalq musiqisi ansamblının çıxışı ilə davam edib. Kiçik yaşlı qonaqlar üçün isə “Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən yaradıcı master-klasslar təşkil olunub.
Son üç il ərzində Sea Breeze ərazisində 700-dən çox nar ağacı əkilib. Hazırda nar bağı bulvar boyunca artıq üç kilometr məsafəni əhatə edir. Gələcəkdə isə onun kurort şəhərinin 22 kilometrdən artıq uzunluğa malik bütün sahil xətti boyunca uzanması nəzərdə tutulur. Mərasimin təşkilində hər il 100-dən çox bağban iştirak edir. Onlar qonaqlara ağacların əkilməsində kömək edir və sonrakı mərhələlərdə nar bağının inkişafına qayğı göstərirlər.
20 illik yubileyini qeyd etdiyi ildə Sea Breeze ərazinin landşaftının inkişafı üzrə genişmiqyaslı proqramını davam etdirib. Hazırda ərazinin yaşıllıq sahəsi 300 hektardan çoxdur, əkilmiş ağac və bitkilərin ümumi sayı isə 11 milyonu ötüb. Nar bulvarının inkişafı bu təşəbbüs çərçivəsində atılan növbəti addım olmaqla Sea Breeze-in ekoloji layihələrini Azərbaycanın mədəni ənənələri ilə bir araya gətirir.