27 sentyabr ∙ 2026
Sea Breeze II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda
27 sentyabr ∙ 2026
25–26 sentyabr tarixlərində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu — AIIF 2026 keçirilib. İki gün davam edən forum müxtəlif ölkələrdən biznes nümayəndələrini, dövlət qurumlarını, beynəlxalq təşkilatları, maliyyə institutlarını və investisiya fondlarını bir araya gətirib.
Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilib. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO olub. Bu il forumun əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal qarşılıqlı əlaqə və investisiya sabitliyinin dayağı kimi” olub.
Sea Breeze forumun tərəfdaşı kimi çıxış edib və əsas layihələrini xüsusi stenddə təqdim edib. Stenddə Halfmoon və Caspian Dream Liner layihələrinin memarlıq maketləri nümayiş olunub. Kurort şəhərin bütün ərazisi ilə interaktiv 3D tur vasitəsilə tanış olmaq mümkün olub. Sea Breeze-in rəqəmsal əkizi əsasında beynəlxalq Fortes Vision agentliyi ilə birgə hazırlanan 3D tur ziyarətçilərə layihəni daha yaxından kəşf etmək imkanı verib.
AIIF 2026-nın əsas müzakirə mövzularından biri Sea Breeze-in inkişafı olub. Kurort şəhərin təsisçisi Emin Ağalarov “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” panelində çıxış edərək Sea Breeze Azerbaijan layihəsini beynəlxalq investisiya fondlarına təqdim edib və onun gələcək inkişafından danışıb.
Hazırda Sea Breeze-də nəzərdə tutulan inkişafın yalnız 10–15%-i həyata keçirilib. Layihənin əsas inkişaf mərhələsinin qarşıdakı 7–8 il ərzində davam etdirilməsi planlaşdırılır. Emin Ağalarovun sözlərinə görə, layihə diqqətə layiq perspektivli investisiya obyektlərinin ilk onluğuna daxildir.
Sea Breeze-in investisiya modeli barədə forumda Satış direktoru Ena-Kameliya Melikova danışıb. O, “şəhər daxilində şəhər” konsepsiyasını təqdim edərək burada yaşayış məhəllələrinin hotellər, kommersiya obyektləri, məktəblər, istirahət zonaları və digər şəhər infrastrukturu ilə paralel inkişaf etdiyini qeyd edib.
Sea Breeze haqqında müzakirələr AIIF 2026-nın daha geniş gündəliyinin — Azərbaycanın iqtisadiyyatının inkişaf istiqamətlərinin və bu prosesdə özəl kapitalın rolunun müzakirəsinin bir hissəsi olub.
AIIF 2026-nın yekunlarına əsasən, tikinti, enerji, rəqəmsal iqtisadiyyat, sənaye və digər sahələrdə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutan 23 sənəd imzalanıb.