Əsas məzmuna keçin
bütün xəbərlər

15 oktyabr ∙ 2026

Sea Breeze-də OCEANMAN AZERBAIJAN – SEA BREEZE 2027-nin keçirilməsinə dair memorandum imzalanıb: Azərbaycan ilk dəfə açıq suda üzgüçülük üzrə beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək

15 oktyabr ∙ 2026

14 oktyabr 2026-cı il tarixində Sea Breeze kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov və Oceanman Azerbaijan-ın baş direktoru Səbinə Məmmədova Azərbaycanda ilk OCEANMAN mərhələsi olan OCEANMAN Azerbaijan Sea Breeze yarışının keçirilməsinə dair memorandum imzalayıblar.

Layihə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə Dream Group International şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihənin əsas məqsədi açıq suda üzgüçülüyün inkişafına töhfə vermək, beynəlxalq idman əməkdaşlığını genişləndirmək və Azərbaycanı idman turizmi istiqaməti kimi tanıtmaqdır.

Yarışlar 2027-ci ilin sentyabr ayında Sea Breeze ərazisində keçiriləcək və müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. OCEANMAN Azerbaijan Sea Breeze-ə hazırlıq çərçivəsində polşalı ultramarafon üzgüçüsü Bartolomey Kubkovski və Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov Sea Breeze-də yerləşən The Grand apart-otelinin qarşısında 10 kilometrlik üzgüçülük yürüşü həyata keçirəcəklər.

Kubkovski çox uzun məsafələrə üzgüçülük sahəsində nailiyyətləri ilə tanınır. 2026-cı ilin avqust ayında o, İsveçdən Polşaya qədər Baltik dənizini üzərək keçib, dayanmadan təxminən 160 kilometr məsafə qət edib və 55 saatdan çox suda qalıb.

Boris Nəcəfov isə Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlıdır. O, həmçinin 2026-cı ilin sentyabr ayında Bonifacio boğazından keçərək Korsikadan Sardiniyaya və geriyə ümumilikdə 25 kilometrlik məsafəni qət edib.

OCEANMAN açıq suda üzgüçülük üzrə dünyanın ən böyük və nüfuzlu beynəlxalq yarışlar seriyasıdır. Yarışın mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir və peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7 yaşdan 75 yaşadək həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir.


 

For correct operation, please
rotate the device