Sea Breeze-də keçirilən SPRING LAB proqramının finalına 13 layihə yüksəldi: ən yaxşı ideya Qran-pri və həyata keçirilmə imkanı qazanacaq

29 03.2026

arrow

28 mart tarixində Sea Breeze ərazisində yerləşən Polo Cafe-də sosial-ekoloji “EkoSfera” mərkəzi ilə birgə həyata keçirilən, 6–22 yaş arası uşaq və gənclərdə ekoloji düşüncə və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş SPRING LAB təhsil proqramının seçim mərhələsi baş tutdu.

İştirakçılar dörd istiqamət üzrə 38 layihə təqdim etdilər: “yaşıl” marşrutlar və ekoloji maarifləndirmə, landşaft və təbiət, ekoloji uşaq meydançaları və təbiət oyunları, həmçinin alternativ enerji və tullantıların utilizasiyası sahəsində innovasiyalar. Layihələr ekoloji əhəmiyyət, innovativlik, realizasiya, praktiki fayda, dayanıqlılıq və təqdimat keyfiyyəti meyarlarına əsasən qiymətləndirildi və nəticədə 13 layihə 2026-cı ilin may ayında baş tutacaq final mərhələsinə keçdilər. Ən yaxşı startap ideyasının müəllifi Qran-pri — pul mükafatı və layihəni Sea Breeze ərazisində reallaşdırmaq imkanı ilə təltif olunacaq.

Münsiflər heyətinə “EkoSfera” sosial-ekoloji mərkəzinin nümayəndələri və mütəxəssisləri, Sea Breeze və World Urban Forum (WUF13) təmsilçiləri, həmçinin dayanıqlı inkişaf, mədəniyyət, təhsil və ekologiya sahələri üzrə ekspertlər daxil idi.

“Bu təşəbbüsün əsas dəyəri ondadır ki, Sea Breeze gələcək nəslə yalnız öz ideyalarını təqdim etmək imkanı yaratmır, həm də onların potensial reallaşdırılması üçün real dəstək verir. Layihənin praktik olaraq həyata keçirildiyini görmək imkanı iştirakçılar üçün ən güclü motivasiyaya çevrilir və bu, onların ekoloji təşəbbüslərinin həqiqətən tələbatlı olduğunu və kurort şəhərin dayanıqlı inkişafının bir hissəsinə çevrilə biləcəyini təsdiqləyir”, — deyə “EkoSfera” sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultan-zadə qeyd edib.

Həmin gün Sea Breeze-də uşaqlar üçün Light for the Planet – Earth Hour Workshop təhsil proqramı da keçirildi: iştirakçılar üçün ekoloji şamların hazırlanması və “bankada biolüminessensiya” mövzusunda tematik master-klasslar, həmçinin Earth Hour (“Yer Saatı”) təşəbbüsünün əhəmiyyəti haqqında mühazirə təşkil olundu.