“Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda investorlar üçün ictimai görüş

23 11.2023

arrow

Noyabrın 22-də Sea Breeze şirkətinin Moskvada RBK multimedia holdinqi ilə birgə təşkil etdiyi konfrans çərçivəsində “Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda investorlar üçün ictimai görüş keçirilib.

Konfrans zamanı Azərbaycana investisiya qoyuluşunun üstünlükləri müzakirə olunub. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini nümayiş etdirən faktlar və rəqəmlər iştirakçılara təqdim olunub.

Konfrans məruzəçiləri sırasında Agalarov Development şirkətinin prezidenti və Sea Breeze kurort şəhərciyinin sahibi Emin Ağalarov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “NF Group”un xarici daşınmaz əmlak departamentinin direktoru Anna Larina, “B1” şirkətlər qrupunun konsaltinq, texnologiya və əməliyyatlar departamentinin direktoru və daşınmaz əmlak, tikinti və ərazilərin inkişafı sahəsində məsləhətçi İlya Suxarnikov, “Azal” QSC-nin Rusiya Federasiyası və Belarus Respublikasındakı baş nümayəndəsi Tariyel Tahirov çıxış etdilər.

Emin Ağalarov Sea Breeze-də həyata keçirilən bütün layihələrin təqdimatı ilə bərabər, ölkəmizdə turizm sektorunun qlobal inkişafından və daşınmaz əmlaka investisiyaların artmasından bəhs edib. Onun sözlərinə görə, dünyada gördüyü gözəl hər bir şeyi Bakıda da reallaşdırmaq istəyir.

Fuad Nağıyev son bir ildə Azərbaycana gələn turistlərin sayının 30 faiz artdığını qeyd edib. Sahib Ələkbərov isə “Sea Breeze” layihəsini ölkədəki ən uğurlu investisiya layihələrindən biri kimi qiymətləndirib.

Konfransda çıxış edən xaricdə daşınmaz əmlak sahəsi üzrə ekspertlər Anna Larina və İlya Suxarnikov Azərbaycanın böyük potensialını qeyd ediblər. Rusiyadan çoxlu sayda turist və investor dənizə yaxın, yaxşı infrastruktura malik tanış kompleksləri seçirlər. “Sea Breeze” bu tələblərə tamamilə cavab verir. Suxarnikov onu da vurğulayıb ki, Azərbaycanda tarixi abidələrin ziyarətindən dəniz və xizək kurortlarına qədər bir-birindən fərqlənən istirahət növlərinin ahəngini müşahidə etmək olar.

Tariyel Tahirov əlavə edib ki, hazırda Heydər Əliyev Hava Limanı regionun ən böyük tranzit hava limanlarından biridir və bunun sayəsində Azərbaycana və Bakıdan dünyaya uçuşlar həyata keçirmək mümkündür. Artıq Rusiyanın 14 şəhərindən Azərbaycana reyslər həyata keçirilir və bu rəqəm daha da artacaq.

Konfransda həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələri Sevda Əliyeva və Cavanşir Bayramov investisiya və turizm mövzuları ilə çıxış ediblər.