Təqdimatınızı seçin və endirin
24 09.2025
22–23 sentyabr tarixlərində Bakıda, Sea Breeze ərazisində birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) baş tutdu. Tədbir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən, The European House – Ambrosetti və TEHA qrupunun strateji tərəfdaşlığı ilə, ölkə prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunub.
AIIF-2025 Forumunda siyasi xadimlər, biznes liderləri və dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertlər iştirak ediblər. Onların arasında Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, developer Emin Ağalarov, Türkiyənin energetika naziri Alparslan Bayraktar, tanınmış iqtisadçı Nuriel Rubini, Aramco Ventures-in rəhbəri Mahdi AlAdel və digər hörmətli qonaqlar yer alıblar.
Forum çərçivəsində 19 saziş imzalanıb. Sea Breeze bir sıra strateji əhəmiyyətli təşəbbüs və razılaşmaları elan edib. Əsas məqamlardan biri beynəlxalq beşulduzlu brend Rixos (Ennismore’s All Inclusive Collection) ilə 500 otaqlı otelin inşasına dair müqavilənin imzalanması olub. Həmçinin, Crowne Plaza (IHG) brendi ilə 195 otaqlı dördulduzlu layihə üzrə saziş imzalanıb. Bundan əlavə, şirkət Radisson Blu (Radisson Hotel Group), JW Marriott və The Luxury Collection ilə danışıqların yekun mərhələdə olduğunu açıqlayıb, eləcə də Elie Saab brendinin Sea Breeze-də təqdim olunacağını bəyan edib.
İnnovativ infrastrukturun inkişafı ayrıca istiqamət kimi müəyyən olunub: Digital Residence şirkəti ilə Azərbaycanda sahilboyu ilk rəqəmsal texnopark – İT-habın yaradılması barədə razılaşma elan olunub və imzalanıb.
Sea Breeze həmçinin yeni layihələrini təqdim edib: Azərbaycanın dağlıq bölgəsində yerləşəcək Sky Breeze Şahdağ layihəsi; Xəzər dənizində 200 hektar ərazini əhatə edəcək yeni ada – Fire Island; və tibbi xidmətlər və wellness sahəsində genişmiqyaslı təşəbbüs – Sea Breeze Health Valley. Bu layihə üzrə də tərəfdaşlarla bir sıra sazişlər imzalanıb. Sea Breeze Health Valley Xəzər sahilində dünya səviyyəli beynəlxalq tibbi klasterə çevriləcək. Layihə çərçivəsində beynəlxalq klinikalar, tədqiqat mərkəzləri, biotexnologiyalar, tibbdə rəqəmsal texnologiyalar, ixtisaslaşmış təhsil müəssisələri və tibbi turizm birləşdiriləcək.