Sea Breeze Run #2 ikinci kütləvi qaçış baş tutub

13 04.2026

arrow

12 aprel tarixində Sea Breeze ərazisində Baku Pulse qaçış icması tərəfindən təşkil olunan Sea Breeze Run #2 keçirilib. Tədbirdə həvəskar və peşəkar qaçışçılar, Sea Breeze rezidentləri və ekspatlar daxil olmaqla ümumilikdə 267 nəfər iştirak edib. İştirakçılar arasında Rusiya, Pakistan, İran, Ukrayna, Portuqaliya, Gürcüstan, Türkiyə, Çexiya, Özbəkistan, Qazaxıstan, Braziliya, ABŞ və digər ölkələrin nümayəndələri yer alıb.

Marşrut Event Hall-dan Miami Beach istiqamətinə uzanaraq müasir infrastruktur və sahil boyunca mənzərəli görüntüləri bir araya gətirdi. İştirakçılar 10 km məsafədə, eləcə də müxtəlif yaş kateqoriyaları üzrə yarışdılar. Yarışın nəticələrinə əsasən ümumi sıralama və 40+, 50+ və 60+ yaş kateqoriyaları üzrə qaliblərə mükafatlar təqdim olundu.

Tədbirin fərqləndirici elementlərindən biri iştirakçıların keçdiyi yolu, şəxsi nailiyyətləri və daxili inkişafı simvolizə edən “pəncərə” formatında hazırlanmış unikal medal olub.

“Biz Sea Breeze-i qaçış icması üçün cəlbedici məkana çevirməyə davam edirik. Burada həm infrastruktur, həm təbiət, həm də xüsusi atmosfer mövcuddur. Bizim üçün əsas məqsəd sadəcə qaçış təşkil etmək deyil, iştirakçıların yaddaşında qalacaq təcrübə yaratmaqdır. Qaçış vasitəsilə biz Azərbaycanı fərqli prizmadan təqdim edirik”, — deyə Baku Pulse-un təsisçisi Yagub Qurbanov bildirib.

Dream Group International tədbirin tərəfdaşı qismində çıxış edib.

Sea Breeze Run #2 bu günədək keçirilmiş ən böyük qaçışlardan biri olmaqla yanaşı, may ayında planlaşdırılan 42 km marafona hazırlıq mərhələsinin mühüm hissəsi olub.