Sea Breeze kurort şəhərciyi – Asia Pacific Property Awards 2025-2026 mükafatının ikiqat qalibi

20 05.2025

arrow

Sea Breeze kurort şəhərciyi nüfuzlu IPAX Asia Pacific International Property & Hotel Awards mükafatlarında iki nominasiya üzrə qələbə qazanıb. Beynəlxalq səviyyədə tanınan mükafat daşınmaz əmlak sənayesinin bütün sektorlarında fəaliyyət göstərən və xüsusi uğurlara nail olmuş şirkətləri mükafatlandırır. Mükafatlandırma mərasimi mayın 15 və 16-da Taylandın Marriott Marquis Bangkok hotelində baş tutdu.

Landscape Architecture Azerbaijan nominasiyası ərazinin landşaft memarlığı sahəsində nailiyyətlərə həsr olunub. Sea Breeze abadlıq işlərinə böyük diqqət yetirir. Əvvəllər diqqətdən kənar qalmış sahil zolağında hazırda növbənöv, eləcə də bu yerlər üçün qeyri-adi olan müxtəlif ağaclar və bitkilər əkilib, onlara qulluq edilir. İndi yaşıllıqların sahəsi 300 hektardır – ərazidə 10 milyondan çox ağac və kol əkilib ki, bunun da yarıdan çoxu son il yarımda əkilib.

İkinci nominasiya – Best Mixed-Use Development Azerbaijan – çoxfunksiyalı development layihələrini ehtiva edir. Sea Breeze tədbir çərçivəsində layihə fondunun incisi olan Caspian Dream Liner kompleksini təqdim etdi. Layner şəklində möhtəşəm 11 mərtəbəli apart-hotelin tikintisi üçün xüsusi süni ada salınıb. Kompleksdə müxtəlif məkanlar olacaq: infinity pool hovuzu və SPA, dünya brendlərinin butikləri və gözəllik salonları, premium restoranlar və dənizə panoramik mənzərəsi olan sky bar.

Bundan əlavə, sahəsi 50 hektar olan aypara formalı süni ada – Halfmoon, eləcə də Azərbaycan Şəhərsalma Komitəsi tərəfindən Yaşayış kompleksinin memarlığı nominasiyası üzrə mükafata layiq görülmüş The Grand apart-hoteli də münsiflər heyətinin diqqətinə çatdırılıb.

"Sea Breeze-in belə yüksək qiymətləndirilməsinə görə Asia Pacific International Mükafatının mötəbər münsiflər heyətinə təşəkkür edirik. İki nominasiya üzrə mükafat böyük komanda işinin və ən yüksək keyfiyyət naminə göstərdiyimiz səylərin nəticəsidir. Ekspertlərin bizə yüksək dəyər verməsi ilə fəxr edirik. Belə nailiyyətlər daha böyük miqyaslı layihələrin yaradılmasına ilham verir", – deyə Sea Breeze kurort şəhərciyinin təsisçisi Emin Ağalarov bildirdi.

Sea Breeze Resort Xəzər dənizi sahilində, Bakıdan 20 dəqiqəlik məsafədə yerləşən kurort şəhərciyidir. Hazırda şəhərciyin ümumi sahəsi 500 hektar, kommersiya və yaşayış daşınmaz əmlakının sahəsi isə 3 000 000 kv.m-dir. Ərazi möhtəşəm dəniz sahilini, müxtəlif yaşayış komplekslərini, müasir premium infrastrukturu, eləcə də Sea Breeze sakinləri və qonaqları üçün hər cür xidmət və əyləncəni əhatə edir.

The International Property Award yaşayış və kommersiya daşınmaz əmlak sektorunda dünya tərəfindən tanınan keyfiyyət nişanıdır. İlk mükafatlandırma mərasimi 1993-cü ildə Londonda keçirilib, tədricən layihə bütün dünyaya yayılıb. Mükafatın beynəlxalq münsiflər heyətinə 100-dən çox peşəkar ekspert daxildir. Qaliblərin müəyyən edilməsi üçün səsvermənin ədalətli və şəffaf olmasına münsiflər heyətinin sədrləri – Britaniya parlamentinin Lordlar Palatasının üzvləri qraf Keytness, Lord Ueyverli və Lord Best nəzarət edirlər.