Təqdimatınızı seçin və endirin
23 08.2023
21 avqust tarixində Sea Breeze Resort ərazisində SSRİ və Azərbaycan SSR Xalq artisti, milyonların kumiri, əfsanəvi musiqiçi Müslüm Maqomayevin imzalı ulduzunun təntənəli açılış mərasimi baş tutdu. Müslüm Maqomayevin həyat yoldaşı, sovet və rus opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisi Tamara Sinyavskayanın da imzalı ulduzunun açılışı təşkilatçıların sürprizi oldu.
⠀
Xiyabanın əsas ulduzlarının təntənəli açılış mərasimində səbəbkarların yalnız pərəstişkarları deyil, həmçinin ailə dostları, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Müslüm Maqomayevi çıxışları zamanı həmişə müşayiət edən Azərbaycan xalq artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova da iştirak edirdilər. Fəxri qonaqlar arasında Rusiyanın Azərbaycandakı səfirliyinin nazir müşaviri Petr Volokovıx, Azərbaycan Respublikasındakı Rus Evinin rəhbəri İrek Zinnurov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Prezidentinin Protokol Xidməti rəisinin müavini, birinci vitse-prezidentin Protokol şöbəsinin müdiri Eldar Rzayev də var idilər.
⠀
“Əlamətdar haldır ki, Müslümün ulduzu məhz bu il - dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ili açılır. Müslümün taleyi Heydər Əliyevin və onun ailəsinin adı ilə sıx şəkildə bağlıdır”, - deyə Tamara Sinyavskaya qeyd etdi.
⠀
Tamara İlyiniçna Sinyavskaya tədbirə Sea Breeze Walk of Fame xiyabanının təşəbbüskarı, Azərbaycanın Xalq artisti, Maqomayev və Sinyavskayanın ailə dostu Emin Ağalarovun müşayiətində təşrif buyurdu.
⠀
Tamara Sinyavskayanın imzalı ulduzunun açılışı yalnız tədbirə gəlmiş qonaqlar üçün deyil, həmçinin onun özü üçün də sürpriz oldu.
⠀
Sinyavskayanın imzalı ulduzunu təqdim edən zaman Emin Aqalarov bunları qeyd etdi: “Tamara İlyiniçna, bu bizim hədiyyəmizdir. Biz qərara gəldik ki, siz həyatda olduğu kimi, burada da Müslüm Maqometoviçlə birlikdə olmalısınız.”
⠀
Sea Breeze Walk of Famе - Azərbaycanın və dünyanın görkəmli musiqiçilərinə, aktyorlarına, rəssamlarına və digər mədəniyyət xadimlərinə həsr edilən bir layihədir. Xiyabanda açıq səma altında imzalı ulduzlar təqdim olunur. Müslüm Maqomayevin və Tamara Sinyavskayanın ulduzlarından başqa xiyabanda artıq Engelbert Humberdinck-in və Nani Breqvadzenin imzalı ulduzları quraşdırılıb.