Təqdimatınızı seçin və endirin
28 08.2024
Avqustun 28-dən sentyabrın 1-dək Sea Breeze kurort şəhərciyində Azərbaycan Tennis və Padel Federasiyasının dəstəyi ilə təşkil olunan Sea Breeze Padel Cup III və IV Beynəlxalq Padel Tennis Turniri keçiriləcək.
Avqustun 28-də saat 19:00-da ilk turnirin qrup mərhələsi, 29-da saat 12:00-da isə pley-off mərhələsi start götürəcək. Avqustun 31-də keçiriləcək oyunlar da saat 12:00-da başlayacaq. Sentyabrın 1-də turnir çərçivəsində master-klaslar keçiriləcək. Master-klaslara qeydiyyat yarışların keçiriləcəyi məkanda mümkündür.
Padel oynamağa başlamaq üçün xüsusi bacarıq və ya hazırlıq tələb olunmur. Bu, əlçatan və sadə, lakin çox maraqlı idman növüdür. Padel tennis və skvoşun unikal birləşməsidir. Bu idman növü təkcə dinamikası ilə deyil, həm də dərin taktikası ilə seçilir. Rəqiblərin meydançadakı mövqeyini təhlil etmək bacarığı, strateji düşüncə, zərbələrin dəqiqliyi və komanda oyunu böyük əhəmiyyət kəsb edir.
Sea Breeze-də keçiriləcək genişmiqyaslı yarışlarda müxtəlif ölkələrdən oyunçular iştirak edəcəklər: Albaniya, Azərbaycan, Bolqarıstan, Türkiyə və BƏƏ. Mükafat fondu hər tur üçün 2000 avro təşkil edir. Sea Breeze ərazisində hər kəs turnirdə iştirak edə biləcək, giriş pulsuzdur. Maşınla gəlməyi planlaşdıranlar üçün giriş 4-cü dalandandır.