Təqdimatınızı seçin və endirin
01 02.2026
Yanvarın 31-də Milan şəhərində Sea Breeze kurort şəhəri ilə dünyaca məşhur Cipriani brendi arasında sazişin rəsmi imzalanması mərasimi keçirildi. Sənədləri Emin Ağalarov və Cüzeppe Çipriani imzaladılar.
Xəzərin sahilində yerləşən Sea Breeze kurort şəhərinin ərazisində Cipriani brendi altında beşulduzlu mehmanxana, o cümlədən ultra-lüks mənzillər tikiləcək. Layihə ölkənin ən hündür qülləsində, Halfmoon süni adasında yerləşəcək.
Cipriani Tower-in hündürlüyü 323 metr olacaq. Memarlıq konsepsiyası dünyaşöhrətli memar Şon Killa tərəfindən hazırlanıb. Layihə Cipriani brendi altında 116 otaq üçün nəzərdə tutulmuş beşulduzlu Cipriani Resort Sea Breeze hoteli, həmçinin for-sale formatında 127-yə yaxın ultra-lüks rezidensiyanı özündə birləşdirən Cipriani Residences Sea Breeze yaşayış kompleksini ehtiva edir. Kompleksin infrastrukturuna banket və konfrans otaqları, təxminən 1647 kv.m sahəsi olan spa mərkəzi, Cipriani brendinə aid restoran və barlar daxildir.
"Bizim üçün bu ən vacib və çoxdan gözlənilən tədbirlərdən biridir. Cipriani kimi tanınmış və unikal brendlə əməkdaşlıq Sea Breeze üçün beynəlxalq arenada daha bir yeni inkişaf mərhələsi deməkdir. Mən Cüzeppeyə və onun bütün komandasına göstərdikləri etimada görə təşəkkür edirəm, layihəni həyata keçirməyə başlamaq üçün səbirsizlənirəm", – deyə Sea Breeze-in təsisçisi Emin Ağalarov qeyd edib.
"Biz brendimiz üçün yeni olan regiona qədəm qoyduğumuz üçün çox məmnunuq. Azərbaycan çox maraqlı və perspektivli ölkədir. Memar Şon Killa heyrətamiz əsərlər təqdim edir. Qüllə Asiyanın ən gözəl göydələni olacaq: ifadəli memarlığı və mədəni kontekstə uyğun unikal görünüşü ilə", – deyə beynəlxalq Cipriani imperiyasının təmsilçisi Cüzeppe Çipriani əlavə etdi.
Cipriani Resort Sea Breeze və Cipriani Residences Sea Breeze-in gözlənilən açılış tarixi 1 oktyabr 2031-ci ildir.