Təqdimatınızı seçin və endirin
17 04.2024
Aprelin 16-da çoxsaylı musiqi mükafatları laureatı Dmitri Malikov Sea Breeze Resort kurort şəhərciyinin ərazisindəki dəbdəbəli The Grand otelinin zalında konsert proqramı ilə çıxış etdi. O, həm ötən illərin sevilən hitlərini, həm də yeni mahnılarını ifa etdi.
Konsertdə müxtəlif illərin hitləri – “Sən təksən, sən beləsən” (“Ты одна, ты такая”), “Məhəbbət hekayəsi” (“Love story”), “Mənim uzaq ulduzum” (“Звезда моя далекая”), “Sabaha qədər” (“До завтра”), eləcə də yeni “Piterin göz yaşları” (“Слезы Питера”) mahnıları səsləndirildi. Dmitri etiraf etdi ki, bir gün Bakıya instrumental konsertlə gəlmək arzusundadır. O, özünün fortepianoda yazdığı “Madriddə bir gecə” (“Ночь в Мадриде”) kompozisiyasını və Brahmsın “Macar rəqsi” əsərini yeni aranjimanda ifa etdi. Yüksək keyfiyyətli səs, canlı ifa və sənətçinin alicənablığı zalda xüsusi emosional ab-havaya səbəb oldu, tamaşaçılar isə davamlı alqışları və rəqsləri ilə konserti daha da canlandırırdılar.
Dmitri Malikov ilk dəfə səhnəyə məhz Bakıda çıxdığı üçün şəhərimizin onun həyatında xüsusi yer tutduğunu dəfələrlə vurğuladı. “Bu diyarı fərqləndirən ən mühüm cəhət inanılmaz dərəcədə qonaqpərvər, mehriban, çox istiqanlı və səmimi insanlardır. Ona görə də özümü burada çox yaxşı hiss edirəm”, – deyə sənətçi bildirib. İfalar arasında o, Bakıya keçmiş səfərləri ilə bağlı xatirələrini bölüşür, şəxsən tanıdığı Müslüm Maqomayev və atası, VİA “Samosvetı”nın yaradıcısı və direktoru Yuri Malikov haqqında da danışırdı.