Təqdimatınızı seçin və endirin
27 07.2025
Dörd unudulmaz gün, 260 ton dekorasiya və on minlərlə tamaşaçı: 23–26 iyul tarixlərində Bakıda, kurort şəhərciyi Sea Breeze-in sahilində dünya ulduzlarının iştirakı ilə DREAM FEST 2025 Beynəlxalq Musiqi Festivalı baş tutdu.
Festival səhnəsində dünya şöhrətli ulduzlar və tanınmış azərbaycanlı ifaçılar bir araya gələrək həm yeni treklərini, həm də əfsanəvi hitlərini təqdim etdilər. Səhnədə Nicole Scherzinger, EMIN, SEVANNA, Zülfiyyə Xanbabayeva, Brandon Stone, Tünzalə Ağayeva, IVKA, Merab Amzoevi, Nigar Camal, Faiq Ağayev, Aygün Kazımova, Miri Yusif, Efendi, Nani Breqvadze, Alessandro Safina, Elçin Əzizov, In-Grid, Sandra, Kosheen, Ottawan, No Mercy, Kevin McCoy (keçmiş Bad Boys Blue), Haddaway, Secret Service, AQUA, Tyga, Ceza, Cah Xalib, Alizade, Eva Simons və bir çox digər sənətçilər çıxış etdilər. Bu il festivalın aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmova oldular.
Tamaşaçılar üçün xüsusi sürpriz – Azərbaycanda ilk dəfə keçirilən səkkiz dəqiqəlik dron şousu oldu. Xəzərin gecə səmasında eyni anda 500 parıldayan uçuş aparatı havaya qalxaraq Azərbaycanın və Sea Breeze kurortunun simvollarını təsvir etdi. Şou üçün hazırlanan saundtrekdə muğam elementlərindən istifadə olunmuşdu.
Festival çərçivəsində Sea Breeze Walk of Fame-də bir neçə əfsanəvi ifaçının ulduzları yerləşdirildi: In-Grid, Kevin McCoy, Secret Service və Kosheen. Sənətçilər xatirə çərçivələri ilə foto çəkdirdilər və təşkilatçılara təşəkkürlərini bildirdilər.