Təqdimatınızı seçin və endirin
04 05.2026
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan doqquzuncu “Bakı Marafonu 2026”nın finişi Sea Breeze ərazisində baş tutub. Bu il marafon ilk dəfə tam 42 km məsafədə keçirilib və Azərbaycanla yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən təxminən 25 min iştirakçını bir araya gətirib.
Yarışa Dövlət Bayrağı Meydanında start verilib. Səhər saatlarından etibarən qonaqlar üçün isinmə, yoqa və interaktiv fəaliyyət zonaları təşkil olunaraq böyük idman bayramı ab-havası yaradılıb. Sea Breeze nümayəndələri də marafonda iştirak edərək tədbirin idman təşəbbüsünü dəstəkləyiblər.
Finiş zonası, mükafatlandırma və bayram proqramı Sea Breeze kurort şəhərində təşkil olunub. Kişilər arasında qalib Əhməd Alkanoğlu (Türkiyə), qadınlar arasında isə Yelena Tolstıx (Rusiya) olub. Qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva təqdim edib. Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Agalarov Development-in prezidenti Emin Ağalarov iştirak ediblər.
Hər il olduğu kimi, iştirakçılar arasında fiziki məhdudiyyətli şəxslər və Daun sindromlu iştirakçılar da yer alıblar.
Gün ərzində qonaqlar üçün musiqili proqram təşkil olunub. Sea Breeze səhnəsində DJ Came, Mehin Qumbətova, Dilarə Kazımova, Edgis Hayle və Merry Band çıxış ediblər.